Çoxluğun rəyinin fərdə necə təsir göstərdiyini təsdiq edən eksperiment. 1951-ci ildə Solomon Asch tərəfindən aparılıb, onun adı ilə bağlıdır.

Aşın apardığı eksperimentlərdə iştirak edən 8 nəfərdən 7-si əvvəlcədən öyrədilmiş, 1 nəfər bundan xəbərsiz olan tələbələr idi. İştirakçılara iki kart göstərilirdi (fotodakı kimi). Sual belə idi: birici kart üzərində olan xətt ikinc kart üzərindəki xətlərdən hansı ilə eyni ölçüdədir? Eksperiment fərqli xətt ölçülü kartlarla 18 dəfə təkrar olunurdu.

Eksperimentdən xəbərsiz 8-ci adamdan cavab son olaraq soruşulurdu. Birinci və ikinci dəfə suala 7 nəfər hamılıqla düz cavab verir, 8-ci adam da düzgün cavaba qoşulur. 3-cü dəfə 7 nəfər suala hamılıqla səhv cavab verir və cavab növbəsi ona çatanda 8-ci adam da bir çox hallarda səhv cavabı təsdiq edirdi. Ümumi nəticədə, eksperimentlərə xəbərsiz adam kimi qoşulanların 75 faizi ən azı bir dəfə səhv cavablara qoşuldular. Yalnız bir nəfər cəmi bir dəfə, qalanlariki və daha çox dəfə səhv cavaba qoşuldular. Ümumilikdə, səhv cavablara qoşulma sayı 37 faiz təşkil etdi.

Eksperimentlərin bir qismində iştirakçıları öyrətmişdilər ki, onların biri və ya ikisi düz cavab, qalanları səhv cavab versin. Belə hallar xəbərsiz iştirakçının qərarına təsir göstərirdi. Başqa bir ya iki nəfərin düz cavab verməsindən cəsarətlənərək o da düz cavab verən(lər)ə qoşulurdu. Amma bu hal səhv cavab verən çoxluğa qoşulmaların sayını 9-12 faiz azaltmışdı. Yəni, xəbərsiz iştirakçılar yenə də əksər hallarda çoxluğun səhv cavabını təsdiq edirdilər, halbuki belə qəsdən səhv cavablar olmasa, 8-ci iştirakçı üçün suala düz cavab vermək çətin deyil.

Aş eksperimenti və digər eksperimentlər göstərir ki, cəmiyyətin təxminən 80 faizi hakim rəyləri kor-koranə dəstəkləyirlər. Bu təzahür konformizm adlanır. Qalan 20 faiz hakim rəyin səhv olduğunu başa düşürlər, amma təhlükə ilə üzləşməmək üçün, əksər adamlar susmağı üstün tuturlar. Məsələnin bu yanı “susqunluq spiralı” adlanan nəzəriyyə ilə izah olunur.

Ruslan Köçərli | alberteyniseydi.com

Şərh yoxdur

Şərh yaz