İnsanlar mənsub olduğu və ya təsadüfi səbəblərdən qoşulduğu, yaxud sadəcə müşahidə etdiyi başqa adamların (çoxluğun) davranışını, fikirlərini, yanaşmalarını təkrarlamağa, onların sırasına qatılmağa təbiətən (avtomatik) meyllidir. Buna konformizm və ya konformist davranış deyilir.

Misal: partlayış baş verir, adamlar hansısa istiqamətə qaçmağa başlayır. Hadisə yerinə yaxın, amma qrupla birgə olmayan adam da yüksək ehtimalla onların ardınca qaçacaq. Halbuki qaçmaq üçün başqa istiqamətlər də var.

Eksperiment və müşahidələrlə dəfələrlə təsdiq olunub ki: 1) ani qərar qəbul olunan hallarda (o hallarda ki, fikirləşmək üçün zaman yoxdur, dərhal hərəkətə keçməlisən); və 2) yarımşüurlu (fikir dağınıqlığı) vəziyyətlərdə adamlar başqalarının hərəkətini təkrar və ya təqlid edirlər. Partlayış misalı birinci hala aiddir. İkinci hala misal olaraq: svetoforda dayanıb yolu keçmək üçün yaşıl işığı gözləyirsən, fikrin başqa yerdədir, kimsə işıq yanmadan yolu keçməyə başlayır, bu an sən də hərəkətə gələ bilərsən. Çünki şüuraltı üçün svetofor işığı deyil, başqalarının davranışı əsasdır. Səndən başqa heç kim yoxdursa və fikrin başqa yerdədirsə, işıq yanan anda hərəkətə başlamaya da bilərsən. Hərçənd svetofor faktiki görmə sahəsindədir.

Misal: sürü şəklində otlayan heyvanlardan bəzilərinin başı qarışıb otlamağa, bəziləri yaxınlaşan yırtıcını görüb qaçmağa başlayırlar. Bu zaman otlamağa başı qarışmış heyvanlar da qaçanlara qoşulur, hərçənd onlar özləri təhlükə mənbəyini görmədilər. Həmcinsləri qaçmağa başladısa, deməli nəsə təhlükə var və konkret fərdin bu təhlükəni görməsi vacib deyil. Başqaları qaçırsa o da qaçmalıdır. Yəni, otlamağa başı qarışmış fərd üçün hərəkətə keçmə siqnalı yırtıcını özü bilavasitə görməsi yox, başqalarının davranışıdır. Belə etməsə sağ qala bilməz.

Konformizmi fərd üçün özünümüdafiə mexanizmidir. Konformist fərd Özü olmaqdan hansısa hədlərdə imtina edir, Özünü qrup daxilində qəbul olumuş davranış modeli çərçivəsinə salır, bununla, başqalarının onu görmək istədiyi kimi olur. Bunu əsas etibarı ilə şüurlu şəkildə deyil, şüuraltı impulsların təsiri ilə, yəni avtomatlaşmış şəkildə edir. Bununla təklənməkdən, təklənmənin doğura biləcəyi təhlükədən sığortalanır. Şüuraltı proqram belə qurulub. Proqramın təsirindən çıxmaq üçün prosesə şüurlu müdaxilə gərəkdir.

Konformizmə meylin (və ifrat meylin) bir çox səbəbləri var ki, onların hər biri çoxsaylı eksperimentlərlə təsdiq olunub:

1. Adamın fərdi-psixoloji xüsusiyyətləri (intellekt səviyyəsi, özünü qiymətləndirmə və özünə hörmət səviyyəsi, özünü bəyəndirmə ehtirası və s.);
2. Adamın qrupda vəziyyəti (qrupda status və rolu, qrupun adam üçün nə dərəcədə dəyərli olması, taleyinin qupdan nə dərəcə asılı olması və s.);
3. Konkret məsələ ilə bağlı hallar (konkret məsələnin adamın özü üçün əhəmiyyəti, bu məsələdə onun şəxsi fikrinin keçərli olub-olmaması, qərarların qəbulunda iştirak edib-etməməsi və s.);
4. Adamın cinsi və yaşı.

Başqalarının (çoxluğun) fikirlərinin fərdə necə təsir etdiyini yoxlamaq üçün ilk rəsmi eksperiment 1935-ci ildə türk əsilli sosial psixoloq Müzəffər Şərif tərəfindən aparılıb. Şərif sübut etmişdi ki, müyyən hadisəni müşahidə edən eksperiment iştirakçıları sonradan bu hadisəni təsvir edərkən onların rəyləri bir-birinə təsir göstərir və nəticədə iştirakçılar öz şəxsi qənaətinin deyil, qrupda gəlinmiş ümumi qənaətin üzərində dayanırlar. 1951-ci ildə Solomon Aşın apardığı eksperimentlərdə bu məsələ daha ətraflı əks etdirildi.

Əlavə olaraq baxın: Aşın eksperimenti

Ruslan Köçərli | alberteyniseydi.com

Şərh yoxdur

Şərh yaz