Salam millət.

Belə başlamayın, alınmaz.

Mən bir xeyli vaxtdır facebookda və twitterdə statuslar yazıram. Bu mövzuda yetəri qədər diqqəti cəlb etdiyimi düşünürəm. Bu səbəbdən düşündüm ki, maraqlı status yazmaqla bağlı özümün təcrübə aparıb, nəticə çıxardığım “qızıl qayda”ları sizlərlə də bölüşüm. Niyə bölüşüm? Çünki, mən paxıl deyiləm.

Buyurun:

  1. Qısa olsun – Biz xalq olaraq 2 cümlədən artıq oxumağa həvəsli olmadığımız üçün qısa statusları daha çox oxuyuruq. Az hallarda böyük statuslar da diqqət çəkir. Amma diqqət çəkməsi üçün gərək əvvəlcə həmin böyük statusun müəllifi də yetəri qədər tanınmış olsun. Oxuyan desin: “Bu adam maraqlı yazır həmişə, görək burda nə yazıb” Digər halda isə: “Ə Vasif kimdie, oxuyan deyiləm, axot yoxdur” kimi bir içsəs ilə qulaqlarınızı cingildədə bilərlər.
  2. Sürpriz – Fikrin sonunda sürpriz olsun. Son anda “vurun” onları. Əvvəlcədən fikrin necə bitəcəyi bəlli olmasın. İnsanlar təəccüblənsinlər.
  3. Yumor – Xalqın yaralı yeri. Yaralı yerə zad elə deyən bir xalqı yumorsuz düşünmək çətindi. Ağlamalı gününə də gülən, hər fikirdə gülməyə yer axtaran insanları biraz qıdıqlamanız mütləqdir. Gülməli dikir yazanda, sonuna gülüş işarəsi qoymayın. Özün-özünə güldüyün üçün, insanlar buna gülməz.
  4. Sual olmasın – Sualları sevmirlər. Hər hansı hadisə ilə bağlı bir fikir yazıb, sonuna da “niyə axı?” (3-4 ədəd də sual işarəsi) yazanda, oxuyan deyir mənə nə? , mənə niyə sual verirsən ki? Təbii ki, yenə içsəs və o qulaq cingiltisi ilə nəticələnir bu uğursuz fikir.
  5. Uzatma – Cümləni uzatmayın. Daha doğrusu, ən azından, daha dəqiq desək kimi ifadələr adamları qocaldır. Bu qayda imtahan suallarındakı kağızı doldurmaq üçün yararlıdır. Sosial şəbəkələrdə keçmir bu.
  6. Siz yox, Biz – Fikir bildirəndə tez-tez siz-siz deyəndə sanki onların üstünə atırsan hər şeyi, özünü isə qırağa çəkib onlardan üstün və ya fərqli görürsən. “Siz düz etmirsiniz!” yazanda, qan vurur millətin beyninə. “Aaa, siz dedi – buna bax hələ. Gua sən neynəmisənki?” deyə bir içsəsi yenə sizin uğursuz olmanıza səbəb olacaq. Biz yazın, biz. “Biz yaxşı insanlar deyilik”, “Siz yaxşı insanlar deyilsiniz” – görün necə də böyük fərq var.
  7. Səliqəli yazın – Azərbaycan şriftləri ilə yazın. Düzdü “ə” bir bizdə qaldı, bir də Nigeriyada. Amma camaat öyrəşib. Öyrəşdiklərimiz şeyi əlimizdən alanda pis hiss edirik – yuxu kimi. Amma cümlələrinizi fərqli qurmağınız maraqlı olar məncə. Elə bax bu yazdığım cümlə kimi – “amma cümlələrinizi fərqli qurmağınız maraqlı olar məncə”

 

Dürüst olun. Diqqət çəkmək üçün insanların xoşladıqları, əslində isə sizə uyğun olmayanları dəstəkləyərək onların “sevgi”sini qazanmağa çalışmayın. Bu müvəqqətidir. Bir gün əsl mövqeyiniz ortaya çıxacaq. Dürüstlük asan hiss olunur. Ona görə də dürüst, səmimi olun. Özünüz kimi. Fikirlərinizin insanlara zidd olması onları yazmamağınıza səbəb olmasın. Bu sizin fikrinizdir. İnsan öz fikirlərini paylaşaraq biraz rahatlamalıdır. Yoxsa bunu avtobusda yer verməyən adamın “üzünə qusmaq”la edər. Uğurlar.

Şərh yoxdur