Tərifin qədəri

89

Nyu-Yorkda orta məktəbdə belə bir eksperiment aparılmışdı. 400 nəfər 5-ci sinif şagirdlərini iki zala ayrımaqla imtahan etdilər. Hər iki zala eyni, asan test sualları verilmişdi. Hər iki zalda şagirdlər sualları yüksək göstəricilərlə cavablandırdılar. Birinci zalda olan şagirdləri tərif etdilər ki, siz çox ağıllısız, ikinci zalda olanlardan üstünsüz, parlaq gələcəyiniz var və sair. İkinci zalda olanlara dedilər ki, çalışqansız, öz üzərinizdə işləməklə daha yaxşı nəticələr göstərə bilərsiz, daha çətin məsələləri həll edə bilərsiz..

İkinci imtahanda şagirdlərə iki test bankı təklif olundu, biri asan, digəri nisbətən çətin suallar. Şagirdlər iksindən birini özləri seçməli idilər. “Əlaçı” adı almış şagirdlərin 90 faizi asan sualları götürdülər. İkinci zalın şagirdlərinin əksəriyəti isə çətin sualları seçdilər.

Eksperimentə rəhbərlik edən psixoloq bu faktı belə izah etdi ki, “əlaçı” adı alanlar bu adı saxlamaq üçün asan sualları seçirlər, adı itirməmək üçün çətin suallardan çəkinirlər. “Çalışqan” adı alanlar isə “əlaçı”adı almaq üçün çətin suallara girişməkdən çəkinmirlər.

Adamları, xüsusən də azyaşlıları yaxşı işlədiyinə, oxuduğuna görə tərifləyərkən qədəri gözləmək lazımdı. Adama incə üsulla anladılmalıdı ki, onun nəticələri yaxşıdı, amma bundan da yaxşı ola bilər. Adam ən yaxşı nəticə göstərmədiyi halda ona ən yaxşı nəticələr göstərdiyi deyilirsə, bunun zərərli təsirləri olacaq. Ən yaxşı olduğu barədə illüziyaya qapılacaq, daha yaxşı olmaq üçün stimulunu itirəcək. İrəli getmək əvəzinə gerilməyə başlayacaq. “Təriflədik qudurdu”, “Təriflədik zayı çıxdı” – bizim dildə olan bu kimi deyimlər qədəri aşılmış tərifin zərərindən xəbər verir.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum