Plasebo effekti

3642

El arasında bir inanc var ki, tam qaynamamış sudan çay dəmlənib içilməsi qarın ağrısına (ishal) səbəb ola bilər. Bu tamamən cəfəng bir fikir deyil, çünki bəzən elə adamlar olur ki, qaynadılmamış çay onlarda həqiqətən qarın ağrısı doğurur. Əgər belə adamlar həm də bu inanca sahibdilərsə, normal çay içdikdən sonra onlara yalandan deyilsə ki, içdiyin çay qaynamamış sudan idi, onların qarın ağrısı hiss etməsi mümkündür. Belə bir nəfəri şəxsən tanıyıram. Bu necə olur?

Məsələ belədir: orqanizmdə psixi proseslərin fizioloji proseslərlə mürəkkəb əlaqələri, qarşılıqlı təsirləri var. Bu, həm qısa müddətli hallara aiddir, məsələn, pis xəbər eşidən və ya xətrinə dəyilən adamın iştahının küsməsi; həm də uzun müddətli hallara, məsələn, aylarla davam edən stressin həzm sistemində xəstəliklərə səbəb olması.

Bu əlaqələri öyrənən sahə psixosomatika adlanır. Psixosomatika sahəsində biliklərin kökü qədim tibbdən gəlir. Hippokrat yazıb ki, döyüşdə qalib olan əsgərlərin yarası, məğlub əsgərlərin yarasından tez sağalır. Səbəb: qalib əsgərdə ruh yüksəkliyi, məğlubda ruh düşkünlüyü olur.

İbn Sina (980-1037) eksperimentlər etmişdi. Əkiz quzuları ayrı yerlərdə qəfəsə salıb, hər ikisini eyni qida və su ilə bol təmin edirlər. Quzulardan birinin qəfəsinin yanına başqa qəfəs qoyub ora ac canavar salırlar. Canavar qəfəsdə vurnuxduqca quzu öz qəfəsində qorxu keçirir. Bir həftə sonra quzuların böyüməsində, psixi durumunda kəskin fərqlər görülməyə başladı. Birinci quzu yaxşı böyüdüyü halda, canavarla qonşu olan quzu az böyümüş, sısqa, xəstə görkəmə düşmüşdü. Canavarı ordan götürdükdən sonra quzunun vəziyyəti bir həftəyə normallaşdı.

Plasebo effekti psixosomatika sahəsinə aiddir və mahiyyəti bundan ibarətdir: dərman olmayan bir maddəni xəstəyə dərman adı ilə verib, yəni xəstəni aldadıb bu “dərmanı” içirməklə onun sağalma prosesinə müsbət təsir göstərmək mümkün olur bəzən. Dərman adı ilə verilən həb əslidə hansısa qida maddəsidir, orqanizmə özlüyündə şəfalı təsiri yoxdur. Lakin, xəstəni inandıranda ki, bu dərman yeni çıxıb, sənin kimi və səndən də ağır vəziyyətdə olan çox adamlar üzərində sınaq olunub, hamısına yaxşı təsir göstərib, – bu məlumat xəstənin beyninə yeriyib onda sağalma ümidi, sağalmaya inam yarada bilər. Bundan sonra xəstənin vəziyyətində yaxşılaşma qeydə alınırsa, buna deyirlər plasebo efekti.

Yalançı dərman məsələsi qeyri-etik görünə bilər. Amma bü üsul o zaman tətbiq olnur ki, xəstənin orqanizmi artıq hansısa dərmanları qəbul etmək gücündə deyil, hər hansı dərman vəziyyəti daha da pisləşdirməkdən başqa işə yaramır və yalançı dərman içirmək son ümid yeridir.

teaser-goldbach

Plasebo effekti anlayşı hazırda yalnız yalançı dərman qəbulunu deyil, sırf psixoloji üsulları da əhatə edir. Xəstəylə söhbət edərək onun sağalacağına ümid/inam aşılanır. Xəstənin sağalma ümidi çox güclü olsa belə, sağalmaya da bilər, lakin ümidli olmaq istənilən halda insan orqanizmini xəstəlikə mübarizəyə ümidsiz olmaqdan daha yaxşı səfərbər edir.

Xəstənin həkimə güvəni də vacib məsələdir. Misal: xəstəyə eyni resepti iki həkim yazır, birisi məhşurdur, xəstə ona yüksək etimad göstərir, digəri tanınmış deyil, xəstənin hələ etimad etmədiyi adamdır. Birinci həkimin yazdığı resept xəstəyə daha effektiv təsir göstərə bilər, hərçənd, hər iki halda eyni dərmanlardır. Yəni bu halda dərmanın obyektiv şəfa təsiri xəstənin həkimə olan güvəni ilə bir araya gəlir, başqa sözlə, psixoloji və fizioloji proseslər xəstəliyə qarşı daha effketiv şəkildə sinxronlaşır.

Adamların şəfa tapmaq üçün pirlərə və ya başqa müqəddəs saydıqları yerlərə üz tutması, nəzir paylaması, sağalacağı halda qurban kəsməyi əhd etməsi, falçıya gedib şəfa duası yazdırması və sair bu cür mistik və ya magik təcrübələr hamısı ümumi olaraq plasebo effketinə əsaslanır. Hər bir halda məsələ xəstənin sağalacağına ümid və ya inamının yaranmasından ibarətdir. Belə təcrübələr bəzən özünü doğruldur. Məsələn, şəfa üçün pirə üz tutmuş ümidsiz xəstə həqiqətən sağalır. Ancaq heç kim deyə bilməz, həmin adam pirə getmədən də sağalardımı, yoxsa pir ziyarətindən alınan ümid/inam olmasa sağalmazdı.

hidrellez-senligi-nde-kibariye-ile-costular-4594910_o

Qeyd olunan mistik/magik təcrübələrə dünyada hər il milyonlarla insan əl atır. Onlardan çox az qismi xəstəliklərdən sağalır. Amma nəzərə çarpanlar məhz bu az qisim olur, şəfa tapmayan çoxluq nəzərə çarpmır. Qədim zamanlardan bəri vəziyyət belədir. Az sayda olsa da insanların belə təcrübələr sonrası sağalması faktları nə vaxtsa belə inanclar yaradıb, əsrdən-əsrə daşıyıb gətirib və hazırda da qismən qoruyub saxlayır. Əslində isə burda nə mistika var, nə də magiya, məsələ budur: plasebo effekti.

Bir az da sosial həyatda ümid, inam, güvən, etimad faktorlarının rolundan bəhs edək. İnsanlar həkimlərə, müəllimlərə, məmurlara, polislərə etimad göstərmirsə, bu peşə sahibləri arasında həqiqi peşəkar olanlar da özlərini çətinliklə təsdiq edirlər. Çünki insanlar məktəbələrə deyil, repititorlara; xəstələr yerli xəstəxanalara deyil, xarici xəstəxanalara; istehlakçılar yerli məhsullara deyl, xarici məhsullara güvənirlər.

Ən əsası isə, belə faktorların əhalinin sağlamlığı, mənəviyyatı üçün acı nəticələrə səbəb olmasıdır. Misal üçün:

– yerli məhsul istehsalçıları görəndə ki, yerli məhsullara güvən yoxdur, satış zəifdir, bəziləri bu yola əl atırlar: məhsulun keyfiyyətini pisləşdirmək hesabına onu daha da uculaşdırır ki, satış səviyyəsi artsın;

– həkimlər imkanı zəif xətələrə ucuz və keyfiyyətsiz dərmanlar yazmağa məcbur qalırlar;

– alim adı daşıyan bəziləri kütləyə xurafat danışırlar, təki populyarlıq və pul qazana bilsinlər.

– şou-biznes seqmentindən bir çoxları hər cür bayağılığa, düşüklüyə, təlxəkliyə əl atır, təki populyarlıq və pul olsun.

Cəmiyyət inkişaf yolundadırsa, hər sahə inkiaf edir, çöküş youndadırsa hər sahə çökür, deqradasiya edir, iyrənc vəziyyətə düşür. İnsanların müsbət dəyişikliklərə ümidsiz olması vəziyyəti daha da qəlizləşdirir. Bir çoxları xilas yolunu ölkədən köçməkdə görür və yol tapanlar köçüb gedirlər. Beyin axır, kapital qaçır, yoxsulluq dərinləşir, böhrandan çıxış şansları azalır.

Əlaqəli yazılar: Piqmalion effekti; Prayminq effekti

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum