Piqmalion effekti

1415

Gördüyümüz hər hansı işdən gözlədiyimiz nəticələr (yəni, gözləntilərimiz) baş verəcək nəticəyə təsir göstərir. Gözləntilər müsbətdirsə müsbət, mənfidirsə mənfi. Buna “eksperimentçinin gözləmə effekti” də deyilir. İlk dəfə Robert Rozental tərəfindən eksperimental sübut olunub. Rozental elmi nəşrlərdə O.Pfungst’ın “Ağıllı Hans”la bağlı araşdırmalarını oxuduqdan sonra bu sahədə araşırmalara başlamışdı. 1963-cü ildə apardığı eksperimentdə Rozental psixologiya fakultəsinin tələbələrini iki qrupa bölüb onlara tapşırıq vermişdi. Tələbələr laboratoriya siçovullarına labirintlərdən çıxma yollarını öyrətməli idilər. Hər iki qrupa eyni laboratoriyanın siçovulları verilmişdi. Rozental A qrup tələbələri aldatmışdı ki, onlar yüksək intellektli siçovullarla işləyəcəklər, guya bu siçovullar xüsusi seçmə ilə yetişdirilib, adi siçovullardan qat-qat ağıllıdılar. B qrupuna isə aldatmışdı ki, sizə verilən ən kütbeyin siçovullardır. Həqiqətdə isə siçovullar hamısı adi heyvanlar idi. Nəticələr belə oldu: A qrup tələbələr B qrupuna nisbətən siçovulları daha tez öyrətdilər. Ona görə belə oldu ki, A qrup tələbələr “bacarıqlı” siçovullarla işlədiklərinə inanmışdılar və buna görə onların gözləntiləri yüksək idi. B qrupu isə əksinə, “kütbeyin” siçovullarla işlədiklərinə inandıqları üçün uğurlu olacaqlarına az ümidli idilər, bu da öz təsirini göstərdi.

Rozental bu effketin tədrisdə necə işlədiyini öyrənmək üçün kollecdə eksperiment apardı. Yeni dərs ilinin əvvəlində altıncı sinifə dərs deyəcək 18 müəllimə yalan məlumat verildi. Şagirdlər xüsusi proqramla test olunmuş, nəticələr qeydə alınmışdı. Müəllimlər testdən kimin nə qiymət aldığını bilmirdilər. Şagirdlərin siyahısından tam təsadüfi qaydada adlar seçərək (şagirdlərin cəmi sayından 20 faizi) müəllimlərə dedilər ki, bu şagirdlər ən yüksək nəticələr göstəriblər, bunlar ən yaxşılarıdır, yeni dərs ilində  bunlardan ən yüksək nəticələr gözlənilir. Bununla da, müəllimlər həmin şagirdlərin çox bacarıqlı olması barədə yanlış fikrə salındı. Dərs ilinin sonunda şagirdlər hamılıqla yenidən test olundu. Həmin 20 faiz şagirdlərin digərlərinə nisbətən illik tədris materialını daha yaxşı mənimsədikləri müəyyən edildi. Çünki müəllimlərin bu şagirdlərdən gözləntiləri yüksək olmuş, onlara qarşı xüsusi diqqətli olmuşdular. Orta məktəbdən hər kəs bilir ki, müəllimlərin əlaçı şaigrdlərə münasibəti pis oxuyanlardan xeyli fərqli olur. Pis oxuyanlar barəsində “bunlardan oxuyan çıxmaz” deyə fikirləşib onlara az diqqət ayırır, əsas diqqətini əlaçılara yönəldir. Rozental bu münasibəti süni yaratmaqla sübut etdi ki, müəllimlərin şagirdlərdən gözləntiləri ciddi əhəmiyyətə malikdir, onlara fərqli münasibətinin yaranmasına səbəb olur və bu da şagirdlərin təhsil almasında öz əksini tapır.

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum