Qafiyənin gücü

665

İnsan idrakı qafiyə şəklinə salınmış məzmunu daha cəlbedici, təsirli, inandırıcı qavrmağa meyllidir. Eksperimentlər yolu ilə dəfələrlə sübut olunub ki, eyni məzmun iki variantda: qafiyəli və qafiyəsiz şəkildə təqdim olunduqda adamlar qafiyəli variantı daha mötəbər, inandırıcı, doğruçu hesab edirlər. Q.e. səlis evristika fenomeni ilə izah olunur. Qafiyənin təsiri altında yanlışlar idrak xətalarının (cognitive bias) bir növü sayılır.

Misal: “Dost dosta tən gərək, tən olmasa gen gərək”. Tən = can bir, qəlb bir; Gen = uzaq. “Gen” sözünü sinonim “aralı” sözü ilə əvəz edək:
– “Dost dosta tən gərək, tən olmasa aralı gərək”. Necə səslənir? Niyə aralı olmalıdır ki?

Q.e.-nin səbəbi: qafiyəli şəklə salınmış fikir idrakın səlis evristika təlabatına cavab verir; qafiyələnmiş sözlər neyronlar arasında daha möhkəməlaqələrin yaranmasına səbəb olur; qafiyələnən cümlələr eyni heca bölgüsündə olduqda axıcılıq təmin olunur. Bütün bunlar idrak prosesini asanlaşdırır, informasiyanı asan “həzm” olunan edir, subyektə daha təsirli görünür, yadda yaxşı qalır, tez əzbərlənir.

Q.e. sayəsində şeriyyət (poeziya) bütün məlum tarix boyu çox populyar olub. Yaxud, atalar sözlərinin, zərb-məsəllərin, aforizmlərin, şüarların xeylisi qafiyəli şəkildədir. Meyxana janrı cəlbedicidir,və sair.

Natiqlər öz çıxışlarında təsiri artırmaq üçün qafiyələrdən geniş istifadə edilər. Vəkillər müdafiə niqlərində, prokurorlar ittiham niqlərində dinləyicilərə emosional təsiri gücləndirmək üçün isitifadə edirlər. Tacirlər müştəri səsləyəndə Q.e.-ndən istifadə edirlər və s.

Q.e. sayəsində subyektin idrakını yanıltmaq asandıır. Misallar:
– “Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər”.
Birinci hissə doğrudur, ikinci yox. Ağzına gələni danışmaq tox adamların deyil, axmaq adamların xasiyyətidir. Amma bu misalda birinci hissənin aşkar həqiqət olması ikinci hissənin də doğru olması barədə yanlış qənaət yarada bilir.

Eyni qəlib başqa misal:
– “Acın imanı olmaz, toxun amanı”. Acın imanı olmaz, burası anlaşılandır, toxun niyə amanı olmamalıdır?

Əlaqəli yazılar: Doktor Foks effekti; Aforizm aşiqliyi

Ruslan Köçərli | alberteyniseydi.com

Paylaş, dostum